სპექტრის დამატება
Təhsilin mövcudluğu Qazlarda real problemdir
“Bu qədər məsafə üzündən mənim bəzi dostlarım təhsildən əl çəkiblər. Dərslər saat 9-da başlayır və mən dərsə gecikməmək üçün evdən ən gec 8-in yarısında çıxmalıyam.
Qışda bu vaxtlar hələ qaranlıq olur. Pis havalarda isə kəndin yolları palçıqlı olur və sinfə çirkli şəkildə gedirik. Marşrutla yalnız məktəbdən qayıda bilirik, o da həmişə yox,” – Saqareco bələdiyyəsinin Yormuğanlı icmasının Qazlar kəndinin sakini, 9-cu sinif şagirdi Karan Məmmədov bildirir.

Ləmbəli kənd məktəbinin bazasında fəaliyyət göstərən Qazlar natamam ictimai məktəbində 150 şagird təhsil alır. Təhsil və Elm Nazirliyi 2013-cü ildə məktəb avtobusu təyin edib, lakin yerli sakinlərin bildirdiyinə görə, nəqliyyat qeyri-müntəzəm xidmət göstərir ki, bu da onları məcbur edir ki, təhsil və uşaqlarının təhlükəsizliyi arasında sonuncu seçimi etsinlər.

“Mənim övladım 9-cu sinfə keçib oxumaq üçün qonşu kəndə göndərmək istəmirdim, sonra heyfim gəldi, fikirləşdim ki, heç olmasa orta təhsil almalıdır, bina görə də razılaşdım. Uşaqlar əhali yaşamayan ərazilərlə 4 kilometr getməli olurlar, qışda saat 4-də artıq qaranlıq düşür, hansı valideyn rahat ola bilər?! Məktəb avtobusu təyin ediblər, lakin bəzən sürücü toyda olur, bəzən avtobus xarab olur və axşam uşaqları evə gətirə bilmir,” – Rizvan Məmmədov bildirdi.

Qızlara gəldikdə isə məsələ daha da mürəkkəbləşir. Yormuğanlı sakinləri adətlərinə bağlıdırlar və çox vaxt uşaqlarını bu məsafəyə yola salmaqdan çəkinirlər. Yerli sakin Afiq Əhmədov bildirdi ki, Qazlarda yaşayan qızlar demək olar ki, səkkizinci sinifdən sonra məktəbə getmirlər və orta təhsil ala bilmirlər.

“İki övladım var, hələlik Qazlarda oxuyurlar, lakin bilmirəm sonralar bu qədər məsafəyə Ləmbəliyə necə göndərəcəm. Buna görə də oxumaq istədiklərinə baxmayaraq, qız uşaqlarını məktəbə qoymurlar.”

Gürcüstan və Avropa İttifaqı arasında Asosiasiya sazişinə əsasən ölkə hakimiyyəti ümumi təhsilin mövcudluğu və keyfiyyətinin yaxşılaşdırılmasına cavabdehdir. Bu haqda 2015-ci il fəaliyyət planında qeyd olunub.

Gürcüstan hakimiyyəti 9 illik təhsilin hamı üçün pulsuz və əlçatan olması üçün öhdəlik götürüb. “Mülki Təhsil İnstitutu”nun mütəxəssisi TamarMosiaşvili qeyd etdiyinə görə, Avropa İttifaqı müxtəlif sektorlar üçün yol xəritəsi hazırlayıb ki, burada da ölkəmizin Avropa standartlarına yaxınlaşması üçün necə inkişaf etməli olduğu konkret şəkildə qeyd olunub: “Aydındır ki, şagirdlərin daşınmasını dövlət təmin etməlidir, belə ki, bu binanın saxlanılmasından daha ucuz başa gəlir.”

Qazlar səkkizillik məktəbinin tarix müəllimi Ayat İsmayılova-Əliyeva hesab edir ki, əgər nəqliyyat problemi həll olunmasa gələn ildən təhsilini Ləmbəli məktəbində davam etdirməli olan daha çox şagird eyni problemlə qarşılaşacaq.

Müəllimlərin bildirdiyinə görə şagirdlərin sistematik olaraq dərsləri buraxması dərslərin keyfiyyətinə mənfi təsir edir. Dərslərin keyfiyyəti kompleks problemdir və Avrointeqrasiya yolunda bunun həlli mühüm əhəmiyyət kəsb edir.

TamarMosiaşvilinin dediyinə görə, əgər şagird müxtəlif səbəblərdən məktəbə gedə bilmirsə, bu onun hüquqlarının pozulması deməkdir və təhsilin əlçatan olmasının sual altında olması deməkdir. “Səbəblər haqqında danışdıqda ümumi təhsil sisteminin maliyyələşməsini, müəllimlərin peşəkarlığını və universitetlərdə müəllim hazırlığının keyfiyyətini vurğulamaq lazımdır. Bu baxımdan ölkə qarşısında çoxlu məsələlər durur və effektiv addımların atılması vacibdir.”

Təhsil və Elm Nazirliyinin mətbuat xidmətindən bildirildiyinə görə, bu haqda onlara heç kəs məlumat verməyib. “Qazlarda ibtidai məktəb var və Ləmbəli məktəbinə məxsusdur. Şagirdlər natamam və orta təhsilini məhz bu kənddə davam etdirirlər. Onlara səhər də, dərsdən sonra da avtobus xidmət göstərir. 4 kilometr məsafə insanın təhsildən əl çəkdirəcək məsafə deyil. Burda söhbət başqa şeydən gedir. Məcburi olan ibtidai məktəbi bitirdikdən sonra təhsili dayandırırlar. Lakin statistikaya görə, bu baxımdan vəziyyət yaxşılaşdırılıb. Məndə olan məlumata görə nəqliyyat baxımından heç bir maneə yoxdur, heç bir irad da eşitməmişəm. Hər hansı bir problem olarsa, bizimlə əlaqə saxlasınlar ki biz də vəziyyəti aydınlaşdıraq”, – nazirliyin mətbuat xidmətindən bildirdilər.

Qeyd olunan icmanın əhalisi dil baryeri üzündən dövlət müəssisələri ilə əlaqə saxlaya bilmirlər, buna görə də öz problemləri haqqında mətbuat vasitəsilə məlumat çatdırsınlar.




სტატიის ქართული ვერსია


SPEKTRI-XÜSUSİ BURAXILIŞ-pdf
| Print |
FaceBook Twitter Google